TEKNOFEST çərçivəsində Bakıda kiber İdman üzrə Avropa çempionatı keçiriləcək

Kiber idman üzrə Avropa Çempionatı Bakı 2022 mərhələsi üzrə Avropanın ən güclü kiber atletləri Bakıda güclərini sınayacaqlar.

 

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin may ayının 26-29 tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək ‘’TEKNOFEST Azərbaycan’’ Aerokosmik və Texnologiya festivalına hazırlıq çərçivəsində Rocket League üzrə Avropa çempionatına qeydiyyat start götürüb.

 

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

 

Kiber idman üzrə Avropa çempionatının Rocket League və Tekken 7 mərhələsi Bakıda Cristal Hall-da təşkil olunacaq. Yarışın milli təsnifat mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları sözügedən tədbirdə iştirak etmək hüququ qazanır.

 

Həmçinin bildiririk ki, Avropa Çempionatın ‘’CS:GO’’ mərhələsi cari ilin 5-6 iyul tarixində Rumıniyada, ‘’eFootball’’ mərhələsi avqust ayında Monteneqroda və ‘’DOTA 2 / Free Fire’’ mərhələsi isə 20-25 sentyabrda Albaniyada təşkil olunacaq.

 

Qeyd edək ki, paytaxt Bakı 2014-ci ildə kiber idman üzrə beynəlxalq tədbirə ev sahibliyi edib.  Kompüter oyunları üzrə 6-cı Dünya Çempionati (6th e-Sports World Championship 2014, Baku) üzrə dünya çempionatı zamanı 30 ölkədən 300-dən çox iştirakçı Bakıda keçirilmiş tədbirdə iştirak edib.

 

Avropa çempionatının Bakı mərhələsinin ümumi qiymət fondu 20 000 dollardır.

 

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 01 aprel 2022-ci ildir.

 

 Əlavə məlumat əldə etmək üçün:

 050 251 40 28

 office@teknofest.az

 teknofest.az